“Milford” gəmisinin anbarında iki rus dənizçisinin cəsədi tapılıb

512

Bolqarıstan mətbuatı Bolqarıstanın ərazi sularında Beliz bayrağı altında üzən mülki “Milford” gəmisinin göyərtəsində iki rus dənizçisinin həlak olması barədə məlumat yayıb. Hazırda gəmi Varna limanındadır, Bolqarıstanın hüquq-mühafizə orqanları rusların ölüm səbəbini müəyyənləşdirir.

TASS xəbər verir ki, ölənlərin adları açıqlanmır, onlar 32 və 58 yaşlı Rusiya vətəndaşlarıdır. Gəminin heyəti 14 nəfərdən ibarət olub. Ölən ruslardan biri gəminin aşpazıdır.

Hadisə bazar ertəsi səhər baş verib. Dənizçilərin cəsədləri anbarda tapılıb, onlar Varna limanının yanğınsöndürmə xidməti tərəfindən çıxarılıb.

İlkin ehtimala görə, ruslar bortdakı suyun anbara daxil olması səbəbindən həlak olublar. Rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilib.  

Rusiyanın Sofiyadakı səfirliyi dənizçilərin ölüm faktını təsdiqləyib. Rusiyanın Varnadakı baş konsulluğu rusların ölümünü araşdıran Bolqarıstan hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlayır.

“İki Rusiya vətəndaşının öldüyünü təsdiq edirik. “Milford” gəmisi Beliz bayrağı altında üzür. Baş Konsulluq Varna Rayon Prokurorluğu və şəhərin Dəniz Administrasiyası ilə əlaqə saxlayır. İstintaq tədbirləri davam etdirilir”, – deyə Rusiyanın Bolqarıstandakı səfirliyindən TASS-a bildiriblər.

“Seanews.az”