Yeni saziş qeyri-qanuni balıq ovu və həddən artıq ovlanmış ehtiyatların istismarına dəstək verilməsini qadağan edir

322

Dünyanın ən böyük balıq ovlayan ölkəsi olan Çin Balıqçılıq Subsidiyaları Sazişini rəsmən ratifikasiya edib. Sənəd “zərərli” subsidiyaları məhdudlaşdırır. Bu barədə “Telegram”-da “VARPE” məlumat yayıb.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İvealanın qeyd etdiyi kimi, bu, okeanların və ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı çoxtərəfli səylər üçün çox vacibdir.

“Balıqçılıq Subsidiyaları Sazişi Ümumdünya Ticarət Təşkilatının 1995-ci ildə yarandığı vaxtdan bəri əldə etdiyi ikinci çoxtərəfli saziş və ətraf mühitin davamlı inkişafına nail olmaq məqsədi daşıyan ilk razılaşmasıdır. Çin sazişin təsdiq prosesini başa çatdırıb və onun Ümumdünya Ticarət Təşkilatının 13-cü Nazirlər Konfransına qədər qüvvəyə minməsini təmin etmək üçün bütün üzvlərlə işləyəcək”, – deyə Çinin ticarət naziri Van Ventao bildirib.

12-17 iyun 2022-ci il tarixində Cenevrədə keçirilən Ümumdünya Ticarət Təşkilatının 12-ci Nazirlər Konfransında qəbul edilmiş Balıqçılıq Subsidiyaları Sazişi dünyada balıq ehtiyatlarının geniş şəkildə  tükənməsinin əsas amili olan “zərərli” subsidiyaların məhdudlaşdırılması üçün yeni məcburi qaydalar müəyyən edib.

Bundan əlavə, saziş inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarını tanıyır və onlara öz öhdəliklərini yerinə yetirməkdə kömək etmək üçün texniki yardım göstərmək və potensialın gücləndirilməsi üçün fond yaradır.

Sənəd qeyri-qanuni, hesabatsız və tənzimlənməmiş balıq ovu və həddən artıq ovlanmış ehtiyatların istismarına dəstək verilməsini qadağan edir.

Son məlumatlara görə, sazişi 36 ölkə ratifikasiya edib, bunlar Çindən başqa, Aİ üzvləri, İslandiya, Kanada, ABŞ, Beliz, Seyşel adaları, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və sair ölkələrdir. Sazişin qüvvəyə minməsi üçün Ümumdünya Ticarət Təşkilatına üzv ölkələrin ən azı üçdə ikisinin qoşulması lazımdır.

“Seanews.az”