“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzini ziyarət ediblər.
Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr olunmuş dəyirmi masa Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Mərkəzin elmi işçisi Azər Zeynalzadə bildirib ki, 14 iyul 1969-cu il müasir Azərbaycan tarixinin dönüş mərhələsi sayılır. Natıq Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı üçün əvəzsiz fəaliyyəti, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və xalqın rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər haqqında tələbələrə məlumat verib.
Sonra tələbələr Mərkəzdə fəaliyyət göstərən muzeylə tanış olublar. Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər barədə ətraflı məlumat verildi.
Tədbirin sonunda Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrü əks etdirən videoçarx nümayiş olunub.