Panama kanalında quraqlıq səbəbindən gəmilərin gündəlik keçidinə məhdudiyyət qoyulub

134

Şiddətli quraqlıq dünyada əhəmiyyətli dəniz yolunu təşkil edən  Panama kanalının işinə ciddi təsir edib. Kanalı şirin su ilə təmin edən Qatun gölündə suyun səviyyəsi normadan xeyli aşağı düşüb. Bu səbəbdən gəmilərin gündəlik keçid sayına məhdudiyyət qoyulub.

Allmarinenews xarici KİV-ə istinadən xəbər verir ki, kanaldan təxminən gündəlik 40-50 gəmi keçirdi. Yaranmış vəziyyətdən dolayı kiçik həcmli gəmilər olmaqla bu rəqəm 32-ə düşüb. Böyük həcmli gəmilər isə daha az yük daşıyaraq su çəkmə qabiliyyətini azaldıb.

Panama Kanalı İdarəsi (ACP)  böyük konteyner gəmiləri üçün dərinlik həddini 44 fut (təxminən 13,41 metr) səviyyəsində saxlamaq qərarına gəlib.

Bu məhdudiyyət  kanalın sürətli və səmərəli keçidinin ləngiməsinə, qlobal ticarət üçün problemin yaranmasına səbəb olacaq. 

Panama kanalı administrasiyasının rəhbəri Rikaurt Vaskes də etiraf edib ki, 2023-cü maliyyə ilində Panama kanalı vasitəsilə tranzit azalacaq. Onun sözlərinə görə, 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək bu su yolu ilə Panama kanalından 500 milyon ton həcmində tranzit gözlənilir. Bu, əvvəllər proqnozlaşdırılandan 10 milyon ton azdır.