ACE platformasının üst modulu avqustda dənizə göndəriləcək

300

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu dənizə bu ilin avqustunda göndəriləcək.

Bu barədə “APA-Economics” BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.

“Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi. Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq”, – hesabatda qeyd olunur.

Hesabata əsasən, bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün. İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.

Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatıb.

“İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 89% tamamlanıb”, – hesabatda bildirilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.