Gəmilərin ikibortlu və ikidibli tikilməsinə səbəb nədir?

525

Beynəlxalq Dəniz Təşkilatının (IMO) qərarına əsasən, 2015-ci ildən sonra layihələndirilən gəmilər ikibortlu və ikidibli olmalıdır. Bu qərar  “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Konvensiyanın (MARPOL) tələbinə görə qəbul edilib.

Belə ki, birbortlu və birdibli tankerlərin daşıdığı neft və digər kimyəvi tərkibli yüklər qəza hallarında gəminin yük  tanklarında yaranan çatlar və ya deşilmə nəticəsində dənizə axırdı. Bu da öz növbəsində dəniz ekologiyasının çirklənməsinə gətirib çıxarırdı.  Həmçinin birbortlu və  birdibli tankerlər yükü  boşaltdıqdan  sonra dənizə  çıxması üçün yük tanklarına  ballast  suyu  götürürdülər. Bu zaman həmin su gəminin daşıdığı yükün qalıqları ilə qarışırdı. Qarışığı yenidən dənizə boşaltdıqdan sonra gəminin çənlərini təmizləmək tələb olunurdu. Bu da əlavə vaxt və xərc demək idi.

Bütün bunların qarşısını almaq üçün MARPOL Konvensiyasına əlavə tələb qoyularaq, IMO-nun müvafiq qərarı ilə gəmilər ikibortlu və ikidibli inşa edilməyə başladı. Bununla da, tanklarda baş verən deşilmə nəticəsində oradakı mayenin dənizə yox, bortlar və diblər arasında qalan sahəyə axmasına nail olundu.  Əksinə hal baş verərsə, yəni gəminin dənizlə birbaşa təmasda olan bortu və ya dibi deşilərsə, suyun anbar və tanklara daxil olmasının qarşısı alındı.

Bortlar və diblər arasındakı boş sahədən gəmiyə lazım olan ballast sularının qəbul edilməsi  üçün  istifadə olunur. Həmçinin  yük  və ballast əməliyyatları  avtonom, sərbəst  şəkildə həyata keçirilir.

seanews.az