Panama kanalının administrasiyası məhdudiyyətləri 10 ay saxlamağı planlaşdırır

65

Panama kanalının administrasiyası gündəlik tranzit və maksimum suyaoturumla bağlı məhdudiyyətləri ən azı daha 10 ay saxlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şiddətli quraqlığın səbəb olduğu məhdudiyyətlərin bundan əvvəl sentyabrın 2-dək davam etməsi nəzərdə tutulurdu.

Bundan əvvəl həmçinin bildirilmişdi ki, hakimiyyət quraqlıq səbəbindən suya qənaət etmək üçün kanaldan gündəlik keçidlərin sayını 32-yə qədər məhdudlaşdırdıqdan sonra Panama kanalının hər iki tərəfində 200-dən çox gəmi yığılıb.

Xatırladaq ki, şiddətli quraqlıq yağışlı mövsümdə Panama kanalının dayazlaşmasına və mayeləşdirilmiş təbii qaz tankerlərinin uzun müddət boş qalmasına səbəb olub.

Daha əvvəl xəbər verildiyi kimi, bu ilin iyun ayında Panama kanalının administrasiyası quraqlıq səbəbindən gəmilərin keçidinə məhdudiyyətlər qoyub. Meteoroloqların proqnozlarına görə, kanalın mərkəzində yerləşən Qatun gölündə suyun dərinliyi həddədir. Bu, gəmilərin suyaoturumu ilə bağlı məhdudiyyətlərin tətbiqini zəruri edir.

İyunun 19-dan gəmilərin suyaoturumu 13,41 metr, iyulun 19-dan 13,11 metr olmalıdır. Köhnə şlüzlərdən isə 11,73 metr suyaoturumla keçmək mümkündür.