Türkiyənin “Sanmar Shipyards Tuzla” tərsanəsində yeni yedək gəmisinin suya buraxılması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, çoxməqsədli yedək gəmilərinin ən son nəsli kimi təqdim edilən gəmi “Svitzer” şirkəti üçün tikilir.
Gəminin uzunluğu 25,8 metr, eni 12,0 metr, hündürlüyü 4,5 metr, maksimum suyaoturumu 6,3 metrdir. “Transverse Tug” seriyasından olan gəmi yüksək manevr qabiliyyəti ilə seçilir və gəmiləri bütün istiqamətlərdə yedəyə ala, itələyə bilir.
“Transverse” yedək layihəsi Kanadanın “Robert Allan Ltd” konstruktor bürosu tərəfindən “Svitzer” yedək şirkətinin tələblərinə uyğun olaraq “Sanmar” Gəmiqayırma Zavodu mütəxəssislərinin iştirakı ilə hazırlanıb.
İki əsas mühərrik “Tier-3” emissiya standartlarına cavab verir. Qarmaqda dartma qüvvəsi 60 tondur. Heyəti altı nəfərdən ibarətdir.
Danimarkanın “Maersk” qrupuna daxil olan “Svitzer” (1833-cü ildə yaradılmışdır) bütün dünyada fəaliyyət göstərən aparıcı beynəlxalq yedək şirkətidir. Donanmasına 430-dan çox gəmi daxildir.
Türkiyənin “Sanmar Shipyards” gəmiqayırma şirkəti (Tuzlada yerləşir) 40 ildir ki, yedək gəmilərinin tikintisi üzrə ixtisaslaşıb. Bu gün beynəlxalq yedək donanması operatorları bu şirkətin inşa etdiyi 170-dən çox gəmidən istifadə edir.