Çin şirkətləri Gürcüstanın Anakliya limanının tikintisində iştirak etmək niyyətindədir

171

“Bir kəmər, bir yol” və Orta Dəhliz layihələrində iştirak Çin şirkətlərinin marağındadır. Çin şirkətləri bu layihələrə daxil olan digər layihələrin reallaşmasında da iştirak etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Gürcüstandakı səfiri Çjou Tsyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərblə Şərqi birləşdirən bütün layihələrdə iştirak Çin şirkətləri üçün prioritet təşkil edir. Əgər əlverişli iş imkanları və mühit yaradılarsa, Çin şirkətləri dərin özüllü Anakliya dəniz limanının tikintisində iştirak edəcəklər.

Bununla da diplomat Çinin Anakliya limanının tikintisində iştirakına dair xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yaxın vaxtlarda Anakliya dərin özüllü dəniz limanının tikintisinə başlanılacağını bildirib.

Baş nazir deyib ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu limanın dövlətin və özəl sektorun birgə iştirakı ilə tikilməsi nəzərdə tutulub. Konsorsiumun 51 faizi dövlətə məxsus olacaq, 49 faizi ilə bağlı isə beynəlxalq tender elan ediləcək. Plana əsasən, Anakliya limanı birinci fazada ildə 7,8 milyon ton yükaşırma qabiliyyətinə çatmalıdır.

Baş nazirin bu bəyanatından sonra xarici şirkətlərin Anakliya limanına marağı artıb.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir.

Anakliya limanının tikintisi layihəsi Gürcüstanın yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün böyük İpək Yoluna qoşulmaq məqsədilə 2016-cı ildə hazırlanıb. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da, inşaat işləri altı ay sonra dayandırılıb. Tenderdə “TBS Holding” və Amerikanın “Conti International LLC” şirkətlərinin birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin Anakliya Limanının İnkişaf Konsorsiumu qalib gəlib. Lakin Gürcüstan hökuməti 2020-ci ildə maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib.