Çin avtomobillərinin ixracı üç il ərzində dörd dəfə artıb və bu il Yaponiya avtomobil sənayesini ötüb. Təkcə 2023-cü ilin iyul ayında Çin avtomobillərinin digər ölkələrə daşınması 86% artıb.
“The New York Times” yazır ki, avtomobil daşıyan gəmilərin çatışmazlığı Çin avtomobillərinin daha çox ixracını ləngidir.
Nəşr qeyd edir ki, Çin istehsalı olan ucuz avtomobillərə başqa ölkələrdə tələbat çox böyükdür, lakin xaricə daşınmaların artırılması üçün ixtisaslaşdırılmış gəmilər çatışmır. Çin avtomobil istehsalçıları Rusiyada üstünlük təşkil etməyə başladılar və Cənub-Şərqi Asiya, Avstraliya, Cənubi Amerika və Meksikada böyük bazar paylarını ələ keçirdilər. Onlar Avropaya böyük sıçrayışa hazırlaşırlar – ancaq bir şərtlə ki, onların kifayət qədər avtomobil daşıyıcı gəmiləri olsun.
Çin avtomobil istehsalçıları və onlar üçün avtomobil daşıyan Avropa və Sinqapur gəmiçilik xətləri 170 avtomobil daşıyan gəmi sifariş verib. Gəmilərin əksəriyyəti yaxın üç ildə istismar üçün hazır olacaq. “VesselsValue”-nin avtomobil daşıma şöbəsinin rəhbəri Daniel Neşin sözlərinə görə, Çində avtomobil ixracı bumu başlamazdan əvvəl bu gəmilərdən ildə yalnız dördü sifariş edilirdi.
Onun fikrincə, daha çox avtomobil daşıyanı gəmi tikmək üçün stimul göz qabağındadır: belə bir gəminin icarəyə götürülməsinin dəyəri iki il əvvəlki 16 min dollarla müqayisədə gündə 105 min dollara qədər artıb.