Dünyanın beşinci ən böyük dəniz yedək operatoru olan Niderlandın “Smit Lamnalco” şirkəti Rusiya bazarını tərk etməyi planlaşdırır.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.
Şirkət Rusiyada əsasən Novorossiysk və Taman limanlarında beş hüquqi şəxsə malikdir. Bunlardan yalnız biri – “Smith Lamnalco Novorossiysk” Rusiya istehsalçısı EFKO-nun Tamandakı terminalında gəmi çarter müqaviləsi əsasında fəaliyyət göstərir. Bundan əlavə, şirkət “Türk axını” qaz kəmərinin dəniz hissəsində fövqəladə xilasetmə hazırlığı xidmətlərin göstərilməsi üzrə müqaviləyə malikdir.
Nəşrin məlumatına görə, “Smit Lamnalco”-in donanmasını və iş yerlərini xilas etmək üçün Nəqliyyat Nazirliyi artıq Maliyyə Nazirliyindən Niderland operatorunun aktivlərinin Rusiya Dəniz Xidmətinə 500 dollara satılması ilə bağlı sövdələşmənin təsdiqlənməsini xahiş edib: beş şirkətin hər biri üçün 100 dollar. Lakin Niderland tərəfi sövdələşmədə maraqlı deyil və Rusiyadakı aktivlərini tamamilə ləğv etmək variantını nəzərdən keçirir.
“Smit Lamnalco” (Rotterdam) şirkəti 50% “Boskalis Group” və “Rezayat Group”-a məxsusdur. Donanması LNG gəmiləri, tankerlər və ərzaq məhsulları daşıyıcıları üçün yedəkləmə, yanalma və müşayiət əməliyyatlarını yerinə yetirən 111 gəmidən ibarətdir.
Qeyd edək ki, Niderland şirkəti Rusiya bazarında 2009-cu ildən fəaliyyət göstərir.