Azərbaycan–Gürcüstan əməkdaşlığı Avrasiyada regional örnəkdir

127

Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyədə olan iqtisadi əməkdaşlığın, eləcə də bu çərçivədə uğurlu regional münasibətlərin getdikcə möhkəmlənməsi və irimiqyaslı qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin (Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

İki ölkənin iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində birgə əməkdaşlığı son illərdə diamik inkişaf edib. Azərbaycan hazırda Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq ilk beşlikdə yer alıb. 2022-ci ildə bu ölkələr arasında ticarət dövriyyəsi 771 milyon dollar təşkil edib, ikitərəfli ti­carətin saldosu müsbət 500 milyon dol­lar olub. Bu il ticarət 15 faizə yüksəlib, yanvar-avqust aylarında isə ikitərəfli ti­carət dövriyyəsi 614 milyon dolları ötüb, ikitərəfli ticarətin saldosu müsbət 444 mil­yon dollar təşkil edib. 

Gürcüstanın əsas ticarət tərəfdaş­larından olan Azərbaycan Respublikası dost ölkəyə yatırılan birbaşa investisiya­ların həcmində də böyük pay sahibi kimi tanınıb. İndiyədək Gürcüstan Azərbay­can iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyard dollardan çox investisiya yatırıb. Qonşu ölkəyə qoyulan investisiyaların həcminə görə, respublikamız 2012-ci ildən eti­barən 1-ci yerdə qərarlaşıb. 

Hazırda Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyatdadır, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR isə Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də məhz bu qurumdur. 

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələ­rimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regi­onumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan–Gürcüstan əməkdaşlığında nəqliyyat-logistika sahə­si xüsusi yer tutub. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibət­ləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu) reallaşdı­rılması bölgədə sülhə və sabitliyə xidmət edib.

Bu baxımdan hazırda Orta Dəhliz la­yihəsinin inkişafı və perspektivinin mü­zakirəsi daim diqqət mərkəzindədir. Ona görə də hər iki ölkə dəmir yolu xəttinin genişləndirilməsi, magistral yolların bey­nəlxalq səviyyədə qurulması və dəniz limanlarının gücünün artırılmasına mü­hüm önəm verir. 

Azərbaycan və Gürcüstan Orta Dəh­liz, Cənub-Qərb və digər beynəlxalq tranzit marşrutlarının inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əlaqələr nəti­cəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır. Yeri gəlmişkən, Bakı–Tbilisi–Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasının nəzərdə tutulması Orta Dəhlizin daha da gücləndirilməsi məqsə­di daşıyır. 

Hazırda iki dost ölkə birlikdə dəmir yolu xətlərini müasirləşdirir və gələn ilin sonuna qədər bunun başa çatdırılması planlaşdırılır. Bununla da yüklərin həc­minin iki dəfə artacağı gözlənilir. Bun­dan savayı, tezliklə Gürcüstan tərəfin­dən Anakliya dəniz limanının inşasına başlanılacağı və infrastrukturun yü­kaşırma qabiliyyətinin 100 milyon tona çatdırılacağı da bildirilir. Eyni zamanda, Şərq–Qərb avtomagistralının inşasının da yaxın vaxtlarda yekunlaşdırılacağı gözlənilir. 

Şimal–Qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox bü­ruzə verir. İlk olaraq iki ölkəni bir-bi­rinə Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat–kommunikasi­ya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkila­tı, GUAM və digər qurumlar çərçivəsində əlaqələr də mühüm əhəmiyyət kəsb edir. 

SOCAR Energy Georgia MMC Gür­cüstanın qazla təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçi­nin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72 fa­izinə, dizel satışının isə 61faizinə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gür­cüstana hər ay 20 min ton neft məhsulu, həmçinin 15 min ton benzin idxal edir.

Azərbaycan-Gürcüstan əməkdaşlı­ğında energetikanın ənənəvi sahələri ilə yanaşı, “Yaşıl enerji dəhlizi” layihəsi də xsusi yer tutur. Bu məsələdə də hər iki ölkə Avropa dövlətləri ilə sıx əməkdaş­lıq edir və yaxın aylarda bu təşəbbüsün texniki-iqtisadi əsaslandırılması hazır­lanaraq konkret işlərə start veriləcək. Bu istiqamətə böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan–Gürcüstanın, həm də tərəf­daş ölkələrin enerji təhlükəsizliyi güc­lənəcək.

Bu məqamda yeni bir inkişaf mərhələ­si kimi, 2022-ci il dekabrın 17-də Rumı­niyanın paytaxtı Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötü­rülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi qeyd edilməlidir. Bu sənəd yeni dünya düzəninin forma­laşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olun­ması prosesi ilə bağlı zəncirin ən vacib həlqələrindən biridir. Mühüm əhəmiyyətə malik həmin saziş hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş ol­masının daha bir sübutudur.

Əlbəttə, iki qardaş dövlət, eləcə də digər qonşu ölkələr tərəfindən birgə re­allaşdırılan layihələr nəticəsində əldə edilən iqtisadi uğurlar Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük məna­da Avrasiya üçün mühüm məna daşıyır, tərəflər arasında dostluq və strateji tərəf­daşlığı gücləndirir.

İstər Azərbaycanda, istərsə də Gür­cüstanda diqqətçəkən inamlı inkişaf bu ölkələrin ictimai-siyasi sabitliyinin, hər iki dövlət vətəndaşlarının hökumətə olan dəstəyinin məntiqi nəticəsidir. Çün­ki sabitlik və hökumətin aydın gələcəyə yönələn baxışları bir çox önəmli layihələr icra edilməsinə imkan verir, həm iqtisa­diyyatın dinamik artmasını, infrastruktur layihələrinin uğurla icrasını və əhalinin rifahının getdikcə yaxşılaşmasını şərtlən­dirir. 

Vaqif BAYRAMOVXQ