Ankona limanının infrastrukturunun və gəmiqayırma potensialının inkişafına 80 milyon avro sərmayə qoyulacaq

187

Mərkəzi Adriatik Dəniz Limanları İdarəsi (ADSP) və İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu Ankona limanının inkişafı üçün proqram sazişi imzalayıb. Tərəflər mövcud liman infrastrukturunu, o cümlədən gəmiqayırma körpülərini, quru dokları, texnoloji və qaldırıcı avadanlıqları inkişaf etdirəcəklər.

“Seanews.az” xəbər verir ki, infrastruktur kruiz və yük gəmilərinin tikintisi üçün lazımdır.

Layihəyə təxminən 80 milyon avro sərmayə qoyulacaq. Bunun 40 milyon avrosu dövlət büdcəsindən ayrılacaq. Bu vəsait yeni təchizat körpüsünün tikintisinə və quru dokun genişləndirilməsinə, o cümlədən dalğaqıran sisteminin gücləndirilməsinə sərf olunacaq. Qalan 40 milyon avro, növbəti 40 il üçün yeni hökumət güzəştinin bir hissəsi olaraq “Fincantieri” tərəfindən özəl sərmayədən gələcək.

“Fincantieri” dörd qitədə 18 gəmiqayırma zavodunu birləşdirən dünyanın nəhəng gəmiqayırma qruplarından biridir. Qrup dəniz gəmiləri, kruiz bərələri, meqa-yaxtalar və xüsusi gəmilərin tikintisi üzrə ixtisaslaşıb. Ümumilikdə “Fincantieri” tərsanələri 7 mindən çox gəmi inşa edib və hazırda sifariş portfelinə 100-dən çox müxtəlif gəmi daxildir.