Litvada ilk dəniz külək stansiyası tikiləcək

250

Niderlandın geotexniki xidmətlər provayderi “Fugro” və Litvanın “Ignitis Renewables” enerji şirkəti Litvanın ilk dəniz külək elektrik stansiyasının tikintisi üçün geofiziki tədqiqatların aparılması barədə müqavilə imzalayıblar.

“Seanews.az” xəbər verir ki, hazırda “Ignitis Renewables” şirkəti “Engie” və “EDP Renewables”-in birgə müəssisə olan “Ocean Winds” ilə layihəni inkişaf etdirir. Baltik dənizi sahilindən təxminən 30-36 km aralıda yerləşəcək dəniz külək stansiyasının gücü 700 MVt, sahəsi 120 kvadrat km.-dir. Layihənin 2030-cu ilə qədər istismara verilməsi və ildə 3 TVt/saata qədər elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da “Fuqro”nun hesablamalarına görə, Litvanın elektrik enerjisinə olan tələbatının 25%-ə qədərini ödəyəcək.

“Fugro” şirkəti külək turbininin təməlinin optimal konstruksiyası və yerini müəyyən etmək üçün istifadə olunacaq məlumat toplanmasında “Fugro Frontier” tədqiqat gəmisindən istifadə edir.

Qeyd edək ki, Litva 2022-ci ilin yazında Rusiyadan enerji resurslarının tədarükünə embarqo elan edib. Bununla belə, “Eurostat”-in məlumatlarına görə, elektrik enerjisi alışı davam edir – bu ilin yanvar-avqust aylarında Rusiya bu ölkəyə 2,2 milyon avro dəyərində elektrik enerjisi verib – 2022-ci ilin eyni dövrü ilə müqayisədə 97,9% az. Həmin vaxt Rusiyanın Litvaya elektrik enerjisi ixracı 104,6 milyon avro təşkil edib.