Danimarkanın gəmiçilik şirkəti “Maersk” 2023-cü il dekabrın 1-dən Suriyaya yük daşımalarını dayandırmaq qərarına gəlib.
TASS xəbər verir ki, bu barədə daşıyıcının press-relizində deyilir.
“Mövcud variantları diqqətlə nəzərdən keçirdikdən və qiymətləndirdikdən sonra 2023-cü il dekabrın 1-dən etibarən Suriyadakı əməliyyatlarımızı rəsmi olaraq dayandırmaq qərarına gəldik. Bu o deməkdir ki, biz artıq Suriyada heç bir təyinat məntəqəsinə və ya oradan çatdırılma təklif etməyəcəyik”, – deyə məlumatda qeyd olunub.
Qeyd edilən tarixdən Suriyaya gedən və Suriyadan gələn sifarişlər artıq qəbul edilməyəcək və “Maersk” gəmiləri artıq Suriya limanlarına səfər etməyəcək. Şirkətin Suriyaya daxil olan sonuncu gəmisi noyabrın 28-də “Maersk Narmada” (346E/347W) olacaq.
Şirkət izah edib ki, Suriya ciddi sanksiyalar altında olduğu üçün biznes fəaliyyəti artıq ciddi şəkildə məhdudlaşdırılıb və “Maersk” beynəlxalq sanksiyalara tam uyğun olaraq Suriyada məhdud əməliyyatlar həyata keçirib.
“Son vaxtlar logistika vəziyyəti daha da çətinləşib, ona görə də biz fəaliyyətimizi tamamilə dayandırmaq qərarına gəldik”, – press-relizdə qeyd olunur.
“Seanews.az”