“Stolt Tankers B.V.” (“Stolt-Nielsen Limited”-in törəmə şirkəti) şirkəti az miqdarda müxtəlif növ maye yükləri eyni vaxtda daşəya biləcək altı paslanmayan polad tankerin tikintisi üçün Çinin “Wuhu Shipyard Co” gəmiqayırma şirkəti ilə müqavilə bağlayıb.
“Stolt-Nielsen”-in mətbuat xidmətinin məlumatına görə, saziş əlavə altı analoji gəminin tikintisini nəzərdə tutur.
Dedveyti 38 min ton olacaq gəmilər 2026-cı ildən 2028-ci ilə qədər sifarişçiyə çatdırılacaq.
Bu layihənin tankerləri müxtəlif növ maye yüklərin daşınmasına imkan verən 30 ayrı paslanmayan polad yük çəni ilə təchiz olunacaq.
“Stolt-Nielsen Limited”-in baş direktoru Udo Lange xatırladıb ki, şirkət 2021-ci ildən təkrar bazarda 10 gəmi alıb və indi yeni tankerlərə sərmayə qoymaq qərarına gəlib. “2026-cı ildən 2030-cu ilə kimi köhnəlmiş gəmiləri tədricən donanmamızdan çıxaracağıq”, – deyə şirkət rəhbəri bildirib.
“Stolt-Nielsen Limited” (“SNL”) üç əsas biznes bölməsi – “Stolt Tankers”, “Stolthaven Terminals” və “Stolt Tank Containers” vasitəsilə maye kimyəvi maddələrin, yemək yağlarının, turşuların və digər xüsusi mayelərin daşınması üzrə ixtisaslaşmışdır. “Stolt-Nielsen Gas” mayeləşdirilmiş təbii qazın və neft qazının (LNG və LPG) çatdırılması və paylanması ilə məşğuldur.
“Seanews.az”