Haropa limanında hidrogen və sintetik yanacaq istehsalı zavodları inşa ediləcək

219

Birləşdirilmiş Haropa limanının (Havr, Ruan və Paris daxildir) administrasiyası və “Verso Energy” enerji şirkəti aşağı karbonlu hidrogen və sintetik yanacaq istehsalı üçün zavodların tikintisinə dair saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, gələcək müəssisənin tikintisi üçün Grand-Keviyi şəhərində torpaq sahəsi ayrılacaq. Layihənin 2029-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Bildirilir ki, zavodda suyun elektrolizi yolu ilə ildə 50 min tondan çox hidrogen istehsal ediləcək. Layihəyə 500 milyon avroya yaxın sərmayə qoyulması planlaşdırılır. Eyni zamanda, kompleksin ərazisində tutulan və emal edilmiş karbon qazından istifadə etməklə sintetik yanacaq istehsalı zavodu tikiləcək. Layihə 150-yə yaxın iş yerinin yaradılmasına imkan verəcək. İstehsal olunan yanacağa gəmiçilik və aviasiya sənayesində tələbat olacağı gözlənilir.

Haropa limanı Havr, Ruan və Paris limanlarını birləşdirən Sena çayı üzərində yerləşir. Şimali Avropanın dördüncü ən böyük liman kompleksidir. Onun vasitəsilə hər il 110 milyon ton yük daşınır.