LNG ilə işləyən kruiz gəmisinin tikintisi başa çatıb

316

“Meyer Turku” gəmiqayırma zavodu (Turku, Finlandiya) “Royal Caribbean International” şirkəti üçün “Icon of the Seas” kruiz gəmisinin tikintisini başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, inşası təxminən üç il çəkmiş gəminin 2024-cü ilin yanvarında Mayamidən ilk səfəri ilə istismara verilməsi planlaşdırılır.

“İcon of the Seas” kruiz xəttinin mayeləşdirilmiş təbii qazla (LNG) işləyən iki yanacaqlı mühərrikləri olan ilk gəmisidir.

Gəminin təhvil-təslim mərasimində 1200 heyət üzvü və işçi ilə yanaşı, “Royal Caribbean Group” və “Meyer Turku” şirkətlərinin rəhbərləri də iştirak ediblər.

“Royal Caribbean International” (“Royal Caribbean Group”-a daxildir) 50 ildən artıqdır ki, lüks kruiz sənayesindədir. Şirkət “Royal Caribbean”in Baham adalarındakı şəxsi adası da daxil olmaqla, altı qitənin 61 ölkəsində 240 istiqamətə səyahət təklif edir.

Qrupun ümumi donanması 40-dan çox gəmidən ibarətdir, altısı isə tikilməkdədir. Şirkət daha üç gəmi sifariş etməyi planlaşdırdığını da açıqlayıb.