Orta Dəhlizlə bağlı ASCO və beynəlxalq məsləhətçi şirkət nümayədələri arasında görüş keçirilib
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Mərkəzi Asiya və Qafqaz regionunda logistik funksiyalarının gücləndirilməsi məqsədilə məlumat toplanması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təyin edilmiş “Yachiyo Engineering Co, Ltd” beynəlxalq məsləhətçi şirkətinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) olublar.
ASCO-nun İdarə Heyətinin sədrinin müavini Zaur Nağıyevlə görüşən məsləhətçi şirkətin nümayəndələrinə Gəmiçiliyin tarixi, fəaliyyəti, eləcə də donanmaların yenilənməsi istiqamətində görülən işlər barədə video-təqdimat göstərilib.
Zaur Nağıyev qeyd edib ki, ASCO-nun Xəzər dənizində və Xəzərdənkənar sularda fəaliyyətinin genişləndirilməsi və donanmaların yenilənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən qarşımıza mühüm tapşırıqlar qoyulub. Bu baxımdan istər Orta Dəhlizin inkişafı ilə bağlı, istərsə də Qara və Aralıq dənizlərində gəmilərin sayının artırılması üçün ASCO davamlı tədbirlər həyata keçirir.
Sədr müavini əlavə edib ki, ASCO-nun Müşahidə Şurasının konseptual olaraq qəbul etdiyi Strategiya çərçivəsində donanmamızın yenilənməsinə dair İnvestisiya Planı təsdiq edilib. Bu Plana əsasən Orta Dəhliz də nəzərə alınaraq həm quru yük gəmiləri, həm də RoPax tipli gəmi-bərələrin alınması və istismara verilməsi prosesi davam etdiriləcək.
“Yachiyo Engineering Co, Ltd” şirkətinin nümayəndəsi Horii Toshiaki Orta Dəhlizin əhəmiyyətinə toxunaraq marşrutun effektivliyinin artırılması məqsədilə Azərbaycan, o cümlədən ASCO tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Görüş Mərkəzi Asiya və Qafqaz regionunda Orta Dəhlizin logistik funksiyalarının gücləndirilməsinə dair imkanlar, o cümlədən problemlər və yeni çağırışlar ətrafında fikir mübadiləsi ilə davam edib.