Gələn il Aktau limanında konteyner qovşağının tikintisinə başlanılacaq

313

Kurık limanının sularında batimetrik tədqiqatlara başlanılıb. Limanda dərinləşdirmə işləri 2024-cü ilin iyul ayına qədər tamamlanacaq. İş üçün Avropanın “Jan de Nul” şirkətinin xüsusi dibdərinləşdirmə texnikası cəlb olunub.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin iclasında nəqliyyat naziri Marat Karabayev məlumat verib.

Kurık limanında taxıl terminallarının tikintisi bu il başa çatdırılıb. Həmçinin limanda ümumi yüklər və “yaşıl hidrogen”in ötürülməsi üçün terminallar tikiləcək. Kurık limanı terminallarının inkişafı üçün ümumi investisiya 200 milyon dollardan çox olacaq.

2024-cü ildə analoji işlər Aktau limanında da aparılacaq.

“Bundan başqa, Xəzər sahilində “ErSai”, “Sarja”, “Bautino” kimi şəxsi terminallar var. Dəniz səviyyəsinin aşağı düşməsi ilə bu sahələr də dərinləşdirmə tələb edir. Onların özəl olduğunu nəzərə alsaq, bu işlərə büdcə vəsaiti nəzərdə tutulmur. Liman infrastrukturunun inkişafı və bu məqsədlər üçün investisiyaların cəlb edilməsi zərurəti nəzərə alınaraq, dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir”, – deyə Marat Karabayev bildirib.

Bundan əlavə, nəqliyyat nazirinin qeyd etdiyi kimi, dibdərinləşdirmə  təkcə Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı problemi həll etmir, həm də terminalların imkanlarının daha da genişləndirilməsinə şərait yaradır. O cümlədən, qazılan torpaqdan istifadə etməklə yeni ərazilər yaradılacaq, ilkin hesablamalara görə, onların sahəsi 171 hektar olacaq. Bu ərazilərdə terminal qurğularının inkişafı üçün “Abu Dhabi Ports”, “Rhenus” və “Shandong port” limanları kimi potensial investorlarla iş aparılır.

Gələn ildən Aktau limanında konteyner qovşağının tikintisinə başlanılacaq. Layihənin həyata keçirilməsi üçün Lyanyunqan limanı ilə müvafiq saziş imzalanıb. Layihənin texniki-iqtisadi əsaslandırması 2024-cü ilin aprelində hazır olacaq.

Dəniz limanlarına bitişik dəmir yolu infrastrukturunun inkişafı çərçivəsində “Beyneu-Manqustau”, “Jarık-Sekseul” və “Şalkar-Kurık” dəmir yolu hissələrində 404 km ikinci yolun tikintisi planlaşdırılır. 5 stansiya modernləşdiriləcək, “Şalkar-Beyneu” hissəsində avtomatik bloklama tətbiq olunacaq. Bu tədbirlər magistral dəmir yolu şəbəkəsinin 2030-cu ilədək modernləşdirilməsi üzrə təsdiq edilmiş plana daxil edilib.

Aktau limanının terminallarına müvafiq stansiya infrastrukturu ilə əlavə yollar da çəkiləcək.