“Qubadlı” təchizat gəmisi əsaslı təmir olunub

217

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Qubadlı” təchizat gəmisinin əsaslı təmiri başa çatıb. Gəminin təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

Təmir müddətində baş mühərriklər, braşpil və şpil qurğusu, nasoslar, hava balonları, boru sistemləri, su keçirməyən qapılar, illyuminatorlar, lyük və ventilyasiya qapaqları, lazımi elektrik avadanlıqlar təmir olunub, FRS balkasının təmir və sınaq işləri yerinə yetirilib, baş göyərtədə taxta döşəmənin qüsurlu sahələri dəyişdirilib.

Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda zəruri təmir işləri aparılıb.

Bundan başqa, gəminin avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğuları da təmir olunub, gəmi üzrə təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu təkərlər yenilənib.

Gəmidə yeni sürət ölçən laq qurğusu, iki ədəd stasionar UQD radiostansiya üçün antenna, müasir tip Kospas-Sarsat EPİRB avadanlığı, 3 ədəd qəzaxilasetmə UQD radiostansiya, girokompas üçün 2 ədəd girosfera quraşdırılıb, radionaviqasiyaya aid avadanlıqlar yoxlanılıb və təmir olunub.

İşlər başa çatdıqdan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra “Qubadlı” yenidən istismara qaytarılıb.

asco.az