Husilərin hücumundan sonra “Maersk” Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb

198

Danimarkanın gəmiçilik şirkəti “Maersk” dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Maersk” şirkəti açıqlama yayıb.

Açıqlamada “Maersk Hangzhou” gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.

Həmçinin “Maersk” müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. “Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir”, – deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Danimarka tərəfindən idarə olunan və Sinqapur bayrağı altında üzən “Maersk Hangzhou” adlı kommersiya yük gəmisi dekabrın 30-da Qırmızı dənizin cənubundan keçərkən raketlə vurulduğunu bildirib və kömək istəyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkə hesabında sözügedən hərəkətin Husilərin 2023-cü il noyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 23-cü hücumu olduğu qeyd edilib.

Husilərin son hücumundan sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, Pentaqon dekabrın 6-da Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18-də “Rifah Mühafizə Əməliyyatı” adlı çoxmillətli bir missiyanın yaradıldığını elan etmişdi.

Onu da qeyd edək ki, Husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən, Avropa və Asiya arasında ən qısa marşrutu təklif edən və qlobal ticarətin təxminən yüzdə 12-nin həyata keçirildiyi Süveyş kanalından keçidi təhlükə altına alıb. Qırmızı dənizdə ticarət gəmilərinə hücumların davam etməsi və şirkətlər tərəfindən verilən ardıcıl qərarlar qlobal iqtisadiyyatda yeni bir “təchizat zənciri böhranı”nın başlayacağına dair narahatlıqları artırıb.