Rusiya, Koreya və Yaponiya arasında yük və sərnişin səfərləri birinci rübdə bərpa oluna bilər

254

“Eastern Dream” dəniz bərəsinin operatoru “Duwon Shipping” 2024-cü ilin fevral ayının sonu – martın əvvəlində Vladivostok – Donghae yük-sərnişin marşrutunu Yaponiyanın Tottori prefekturasında Sakaiminato şəhərinədək bərpa etməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, lisenziyanın tənzimlənməsi üçün müvafiq ərizə Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinə təqdim edilib. Qeyd olunur ki, sonuncu dəfə bu marşrut üzrə sərnişinlər 4 il, yüklər isə təxminən 2 il əvvəl daşınıb.

“Lisenziyanın dəyişdirilməsi ilə bağlı daxil olmuş müraciətə hazırda baxılır və xüsusi hallar yaranmazsa, o, təsdiqlənəcək və təxminən iki həftə ərzində işə başlayacaq”, – nazirlik sözçüsü mətbuata istinadən bildirib.

“Duwon Shipping” şirkəti gəmiyə lazımi texniki xidmət etdikdən sonra 2024-cü il fevralın 15-dən yeni marşrutun istismarına başlamaq niyyətindədir.

“Eastern Dream” kruiz bərəsi 2009-cu ildə Tonhe, Vladivostok və Sakaiminato arasında üzməyə başlayıb. 2018-ci ildə marşrut Yaponiyanın Kioto prefekturasının Maizuru limanına qədər uzadılıb. Səfərlər həftədə bir dəfə müntəzəm olaraq həyata keçirilib.

2020-ci ildə, koronavirus pandemiyasının qızğın vaxtında şirkət sərnişin marşrutunu bağlayıb. Daha sonra bərədən yalnız yüklərin daşınması üçün istifadə edilib. 2022-ci ildə marşrut tamamilə dayandırılıb və 2023-cü ilin yayında yalnız Uzaq Şərqin paytaxtı ilə Cənubi Koreya limanı arasında bərpa edilib.