Cənubi Koreya hakimiyyəti 2028-ci ilə qədər qabaqcıl gəmiqayırma texnologiyalarının, o cümlədən alternativ yanacaqlardan istifadə edən mühərriklərin inkişafı üçün 710 milyard von (534 milyon dollar) ayıracaq. Cənubi Koreyanın “JoongAng Daily” qəzetinin saytı xəbər verir ki, bu barədə ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat verib.
“Seanews.az” xəbər verir ki, Cənubi Koreyanın gəmiqayırma şirkətlərinin sifariş portfeli 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və bu ilin oktyabr ayının sonunda 39,88 milyon CGT (kompensasiya olunmuş ümumi registr ton) təşkil edib. Hökumətin planına əsasən, mayeləşdirilmiş təbii qaz (LNG), ammonyak və hidrogenin dəniz gəmiləri üçün əsas enerji mənbəyi kimi istifadəsinin kommersiyalaşdırılmasına 200 milyard von (150 milyon dollar) xərclənəcək.
Daha 160 milyard von (120 milyon dollar) 2025-ci ilə qədər avtonom, pilotsuz gəmilər üçün texnologiyaların inkişafına sərmayə qoyulacaq. Karbonsuz və ağıllı texnologiyalar kimi müəyyən seqmentlərdə yaranan problemləri həll etmək üçün 3000 gəmiqayırma mütəxəssisi cəlb ediləcək.
Sənayedə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün nazirlik viza siyasətini dəyişdirməyi və gəmiqayırma sahəsində daha çox əcnəbi işçinin cəlb edilməsinə icazə verməyi planlaşdırır.