Fövqəladə hallarla bağlı davranış qaydaları

229

Güclü küləklər (fırtına, qasırğa, burağan)

 Geri

Külək – havanın  yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir.

Fırtına – dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr sürətli güclü küləkdir.

Qasırğa – sürəti saatda 118 kilometr və daha artıq olan güclü (dağıdıcı) küləkdir.

Burağan – havanın sütun və ya qıf formasında burulğanlı hərəkətidir. Burağanda hava orta hesabla saatda 300 kilometr sürətlə 1000-1500 metr hündürlükdə hərəkət edir.   

Güclü küləklər dağıntı və tələfata səbəb olduğundan aşağıdakı qaydalara əməl edilməlidir.

Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:

  • qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırın;
  • evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;
  • içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını oraya yığın. 

Güclü qasırğa və burağan zamanı:

  • qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;
  • əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə keçin;
  • fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin;
  • qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada, sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və məftilləri, hündür ağacların altında dayanmayın;
  • dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa çalışın;
  • üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya digər bərk əşya ilə, ağız-burnunuzu isə tozdan yaylıq və ya şərflə qoruyun;
  • burağan zamanı evdəsinizsə, dərhal zirzəmiyə keçin. Çöllükdəsinizsə, yaxınlıqdakı çökək və ya xəndəkdə uzanıb dibə sıxılın;
  • maşındasınızsa, onu saxlayın, salondan çıxıb yaxınlıqdakı çökək və ya xəndəkdə daldalanın.

Source:https://www.fhn.gov.az/?aze/menu/26/353