Kamran Həbibov: “Nəqliyyat-logistika haqqında qanunun qəbulu bu sahədə tənzimləməni təkmilləşdirəcək”

210
DCIM100MEDIADJI_0069.JPG

Azərbaycanın nəqliyyat sahəsindəki qanunlarının beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması və unifikasiyası Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) populyarlaşmasına səbəb olacaq.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov deyib.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nəqliyyat-logistika fəaliyyəti haqqında qanun layihəsi təqdim olunub. Assosiasiya sədri bu il qanun layihəsinin Milli Məclisin gündəliyinə daxil ediləcəyinə və qəbul olunacağına ümid etdiyini bildirib.

“Bu qanunvericilik bazasının yaraması nəqliyyat ekspeditor şirkətlərinin fəaliyyətlərini yaxşılaşdırmasına, ölkənin isə yük axınlarını artırmasına imkan verəcək”, – o deyib.

K.Həbibov Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə Türkiyə, Gürcüstan, Ukrayna, eləcə də Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə fəaliyyətini aktiv şəkildə koordinasiya etdiyini, habelə beynəlxalq strukturlarla əməkdaşlıq etdiyini bildirib.

“Hüquqi, gömrük və digər məsələlərin həlli ilə əlaqədar vəziyyət yaxşılaşır. Müasir standartlar üzrə nəqliyyat-logistika fəaliyyəti haqqında qanunun qəbul edilməsi bu cür qarşılıqlı fəaliyyətin effektivliyini artıracaq”, – o deyib. (Trend)