“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Suraxanı” gəmi-muzeyində Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli İnsanlar Günü ilə əlaqədar “Səssizliyə körpü” adlı sosial layihə həyata keçirib.

302

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Suraxanı” gəmi-muzeyində Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli İnsanlar Günü ilə əlaqədar “Səssizliyə körpü” adlı sosial layihə həyata keçirib.
ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində Eşitmə Və Nitq Mehdudiyyetli Şəxslərə Sosial Yardım İctimai Birliyi ilə birgə reallaşdırılan layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində görülən işlərə töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində dünyanın ilk tanker-muzeyinə eşitmə və nitq məhdudiyyətli şəxslərin ekskursiyası təşkil edilib. Muzeydə yer alan bütün video məzmunlar surdo-tərcümə olunub. Həmçinin, surdo-tərcüməçi, Azərbaycan Respublikasının Prezident mükafatçısı Nərgiz Abdulovanın köməkliyi ilə ziyarətçilərə muzeyin yaranma tarixi və buradakı eksponatlar haqqında jest dilində məlumat verilib.
Bununla yanaşı, muzeydə eşitmə və nitq məhdudiyyətli şəxslər üçün xüsusi master-klass da təşkil edilib.
Ekskurisyanın sonunda ziyarətçilərə “Suraxanı” gəmi-muzeyinin “Bələdçi kitabı” və gəmi-muzeyin eksponatları əsasında hazırlanan “Dənizçi Əlifbası” kitabı təqdim olunub.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin rəhbəri Cəmilə Abdulova bu sosial layihəyə görə ASCO-ya, eləcə də “Suraxanı” gəmi-muzeyinə minnətdarlığını bildirib. O, əməkdaşlıq çərçivəsində belə layihələrin davam etdirilməsinə ümidvar olduğunu qeyd edib.
Xatırladaq ki, hər il sentyabrın son bazar günü Beynəlxalq Eşitmə və Nitq Məhdudiyyətli İnsanlar Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə təsis edilib və onun başlıca hədəfi eşitmə və nitq məhdudiyyətli şəxslərin üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.