Dünya ticarət donanmasında gəmilər apardılqları yükə görə tiplərə bölünürlər. Tankerlər, konteynerdaşıyanlar, balkerlər, quru yük gəmiləri və s.
Amma gəmilər ölçülərinə görə də tiplərə bölünə bilir. Bu halda gəminin üzmə rayonu, başqa sözlə, liman akvatoriyasında və boğazlardakı dərinliklər, şlyüzlərin ölçüləri, süni kanallarda və daxili dəniz yollarında naviqasiya şərtləri nəzərə alınır. Okean və dəniz yollarındakı naviqasiya vəziyyəti gəmilərin ölçülərinin dəqiq olmasını tələb edir.
“Handysize” (hendisayz) ölçü tipinə aid gəmilər ən çox yayılmışlardan hesab edilir. Təxmini hesablamalara görə, ümümu dedveyti 43 milyon ton olan 2000-ə yaxın belə tip gəmi mövcuddur.
Bu ölçü tipinə aid olan gəmilər əsasən böyük yükləri daşıyan balkerlərdir. Dedveyti (tam yükqaldırma qabiliyyəti) 15 min – 50 min ton olan neftdaşıyan tankerlər də bu tipə uyğun gəlir.
Belə gəmilərin üstün cəhəti onların o qədər də böyük olmayan limanlara daxil ola bilməsidir. Bir çox hallarda bu gəmilərdə kran da quraşdırılır. Bu da onlara yükləmə-boşaltma sistemi olmayan limanlarda sərbəst şəkildə yüklərin qəbuluna və ya təhvil verilməsinə imkan yaradır.
Hazırda “Handysize” (hendisayz) ölçü tipində dedveyti 32 min ton və suya oturumu maksimum 10 metr olan balkerlər daha çoxdur. Bu gəmilərdə hidravlik tvindekli (göyərtəli) 5 yük anbarı və yüklərin aşırılması üçün 4 ədəd 30 tonluq kran olur.
Gəmiçilik şirkətlərinin yeni tip gəmilərlə bağlı sifarişlərinə baxmayaraq, hələ ki, “Handysize” ölçü tipli gəmilərə tələbat çox yüksəkdir.
Musa Əliyev ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi