Vaxtı yenidən gələn qədim ticarət yolu

205

Məqalənin müəllifi Hudson İnstitutunun baş elmi işçisi Luke Coffey müasir dövrdə ticari əlaqələrdə Azərbaycanın mühüm rolundan bəhs edib.
Həmin məqalənin tərcüməsini təqdim edirəm:
“Müasir dövrdə Avrasiya boyu quru ticarətindən asılılıq dəniz ticarətinin artan əhəmiyyəti ilə xeyli azalıb. Bununla belə, geosiyasi hadisələr quru ticarətinə yenidən diqqətin artmasına səbəb olub.
Rusiya və İrana təsir edən beynəlxalq sanksiyalarla bir çox ölkələr Avropa və Asiya arasında daha yaxşı ticarət və tranzit yolları axtarırlar. Rusiya və İrandan yan keçən Avrasiyanın quru hissəsində şərq-qərb ticarəti üçün yeganə uyğun variant isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Bu, adətən Orta Dəhliz kimi adlandırılır.
Orta Dəhliz Cənubi Qafqazdan, Xəzər dənizi üzərindən və bir vaxtlar regional ticarətin əsas vasitəsi olan İpək Yolundan başlayaraq Mərkəzi Asiyaya keçir. Marşrutun Xəzər dənizinin şərqində, Orta Asiyada uzanan hissəsi əsasən Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçir. Nəqliyyat infrastrukturuna artan investisiya ehtiyacından başqa, Orta Dəhlizin bu hissəsi əsasən problemsizdir.
Bununla belə, Cənubi Qafqazda, Xəzər dənizinin qərbində yerləşən yolun bir sıra çətinlikləri var. Rusiya və bir qədər də İran Cənubi Qafqazda müəyyən dərəcədə nüfuzunu saxlayır. Hər iki amil sərmayəçiləri Orta Dəhlizdən istifadə etməkdən çəkindirir. Gürcüstanda dondurulmuş münaqişələr, Azərbaycan və Ermənistan arasında sülh prosesindəki qeyri-müəyyənlik də sərmayələr üçün maneə olaraq qalır.
Xəritəyə nəzər saldıqda Barents dənizindən Ərəbistan dənizinə qədər olan 5000 kilometrlik məsafədən Rusiya və İrandan yan keçən nəqliyyat üçün cəmi 190 kilometrlik bir məsafə olduğunu görürük. Bu, indiki Azərbaycanın ərazisindəki tarixi İpək Yolu şəhəri olan Gəncənin adını daşıyan “Ganja gap” (Gəncə keçidi) adlanır. Rusiya və İrandan yan keçən üç əsas neft və qaz kəməri, avtomobil yolu, mühüm dəmir yolu əlaqəsi və fiber-optik kabellər məhz “Gəncə keçidi”ndən keçir.
Qeyd etdiyimiz “Gəncə keçidi” dünyanın ən mühüm ticarət nöqtələrindən biridir. Hörmüz boğazı, Malakka boğazı və ya Bab Əl-Məndab kimi dünyada tanınan digər oxşar yerlərdən fərqli olaraq, “Gəncə keçidi” topoqrafiyadan çox geosiyasət səbəbindən mövcuddur. Yəni əgər Avropanın Rusiya və İranla mehriban münasibətləri olsaydı “Ganja gap”a ehtiyac olmazdı.
Son geosiyasi hadisələr Orta Dəhlizdən istifadəni daha da cəlbedici edib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Orta Dəhlizdən istifadə artıb. 2022-ci ildə konteyner daşımaları əvvəlki ilə nisbətən xeyli artıb. Qazaxıstan ilk dəfə olaraq Rusiyadan yan keçmək üçün Orta Dəhliz vasitəsilə dünya bazarlarına uran və xam neft ixrac edir. Bundan əlavə, husilər Qırmızı dənizdə gəmiçilik fəaliyyətini pozmağa davam etdikcə, malları Avrasiya quru hissəsində şərqdən qərbə daşımaq üçün Orta Dəhlizdən istifadə etməyə maraq artacaq. Orta Dəhliz heç vaxt dəniz yolu ilə daşına bilən yüklərin həcmi ilə rəqabət apara bilməyəcəyi halda, düzgün investisiyalarla onun tutumu kəskin şəkildə artırıla bilər.
Ona görə də təəccüblü deyil ki, beynəlxalq aktorlar orada baş verənləri diqqətlə izləyirlər. Keçən həftə Brüsseldə keçirilən “Qlobal Gateway” İnvestorlar Forumunda Avropa Ticarət Komissarı Valdis Dombrovskis Aİ-nin Orta Dəhlizdə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün investisiyaları dəstəkləmək adına 10 milyard avro ayıracağını söylədi. Eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen Vaşinqtonun Orta Dəhlizdə bu sərmayələrin bir hissəsinin reallaşması üçün yardım edəcəyinə işarə verdi.
Çin həmçinin “Bir kəmər və yol” təşəbbüsünü tamamlamaq üçün Orta Dəhliz vasitəsilə iqtisadi və ticarət imkanlarını görür. Çin üçün üstünlüklər ikiqatdır. Orta Dəhliz məhsulların Avropa bazarlarına ixracı üçün əhəmiyyətli üsul, eyni zamanda Mərkəzi Asiyadan təbii ehtiyatların idxalı üçün də mühüm yol ola bilər.
Körfəz ölkələri də Orta Dəhlizin potensialını gördülər. Səudiyyə Ərəbistanı Özbəkistan və Qazaxıstanda infrastruktur layihələrinə milyardlarla dollar sərmayə qoyub. Sonuncu həmçinin illik dövriyyəni 1 milyard dollara çatdırmaq məqsədi ilə BƏƏ ilə bu ticarəti gücləndirməyi vəd edib. BƏƏ prezidenti Şeyx Mohamed bin Zayed Al-Nahyan ötən ay Əmirliyin artıq böyük investisiyalarının olduğu Azərbaycana səfər edib. BƏƏ şirkətləri Xəzər dənizi regionunda enerji layihələrinə də sərmayə qoyublar.
Bir gün körfəz ölkələri hətta dəmir yolu ilə Orta Dəhlizlə birləşdirilə bilər. Türkiyə 2038-ci ilə qədər İraqın cənub körfəzi sahillərini Aralıq dənizindəki türk limanlarına bağlamaq üçün “Quru Kanal dəhlizi” adlı iddialı layihə təklif edib. Əgər Körfəz ölkələri arasında altı dövləti dəmir yolu ilə birləşdirən Körfəz Dəmir Yolu nə vaxtsa reallaşarsa, imkanlar böyük olacaq. Nəzəri olaraq, malların Körfəzdən dəmir yolu ilə Orta Dəhliz boyunca, Quru Kanal dəhlizi ilə bazarlara daşınması mümkün olardı.
Orta Dəhlizdən istifadənin çətinlikləri də az deyil. O, həm Rusiyadan, həm də İrandan yan keçdiyinə görə, Moskva və Tehranın ondan istifadəni çəkindirən və ya heç olmasa məhdudlaşdıran regional siyasət yürütməsi təəccüblü deyil.
Ancaq bu, çəkindirici olmamalıdır. Qlobal iqtisadiyyat etibarlı, sürətli və sərfəli nəqliyyatdan asılıdır. Qırmızı dənizdə baş verən hadisələr göstərdiyi kimi, istifadə üçün nə qədər çox ticarət yolları varsa, bir o qədər yaxşıdır. Orta Dəhlizin əhəmiyyəti bundan sonra da artacaq”.

Təcrümə:https://www.facebook.com/profile.php?id=100000721269950