Yaponiyanın gəmiqayırma zavodu LPG daşımaq üçün ilk tankerini inşa edib

199

Yaponiyanın “Tsuneishi Shipbuilding Co., Ltd.” tərsanəsində mayeləşdirilmiş neft qazının (LPG) daşınması üçün tanker istismara verilib.

“Tsuneishi Shipbuilding Co., Ltd.”-nin açıqlamasında qeyd edildiyi kimi, bu, şirkətin özü tərəfindən layihələndirilmiş və inşa edilmiş ilk dəniz qaz daşıyıcısıdır.

Uzunluğu 99 metr, eni 17,6 metr, bortunun hündürlüyü 8 metr olan tanker 5 min kubmetr tutumlu yük çənləri ilə təchiz edilmişdir.

“Mitsui E&S Shipbuilding Co., Ltd” şirkətinin (“Tsuneishi Group”-a daxildir) mühəndisləri gəminin yük çənlərinin və qaz avadanlığının, o cümlədən ilkin layihənin, işçi sənədlərin, qaz çəninin və qaz sisteminin layihələrinin hazırlanmasında, avadanlığın yığılma prosesində yaxından iştirak etmişlər.

“Tsuneishi Shipbuilding” (1917-ci ildə yaradılıb) toplu daşıyıcıların, konteyner gəmilərinin, tankerlərin tikintisi və təmiri üzrə ixtisaslaşmışdır. Şirkətin istehsal sahələri Yaponiyada (“Tsuneishi” zavodu və baş ofisi Fukuyama), Filippində və Çində yerləşir.