“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan-3” kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir prosesi Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik olan kranda cari təmir işləri aparılib. Köməkçi mühərriklər əsaslı, baş mühərriklər, nasoslar, boru sistemləri elektrik mühərrikləri isə cari təmir olunub.
“Şirvan-3” gəmisi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.
İşlər başa çatdıqdan sonra gəminin 100 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Məlumat üçün bildiririk ki, “Şirvan-3” kran gəmisinin uzunluğu 98,55, eni 17,00 metrdir.
asco.az