Yanvarda Aktau limanının konteyner daşımalarının 87 %-i Orta Dəhlizə yönəldilib

362

Bu ilin yanvar ayında Qazaxıstanın Aktau limanı vasitəsilə konteynerlərin daşınması 30 % artaraq 2,3 min TEU-ya çatıb ki, bunun da, 2 min TEU-ya yaxını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) yönəldilib.

“Report” bu barədə “Qazaxıstan Dəmir Yolu” MMC-nin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Aktau limanının yük dövriyyəsi ötən ilin yanvar ayı ilə müqayisədə 12,7 % artaraq 360 min tona çatıb.

Məlumata görə, yanvarda limandan 3 min ton taxıl, 310 min ton neft və neft məhsulları emal edilib.

“Report” öncə xəbər verdiyi kimi, yanvar ayında Aktau limanından Qazaxıstan neftinin ixracı illik müqayisədə 36 % artaraq 287 min tona, o cümlədən Bakı Limanına nəqli 2 dəfə artaraq 116 min tona çatıb.

Xatırladaq ki, Aktau limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman vasitəsi ilə quru yüklərin, xam neftin və neft məhsullarının daşınması təmin edilir.

Limanın illik gücü 7,5 milyon ton olan üç neft yanalma körpüsü, ümumi, qablaşdırılmış və iri ölçülü yüklərin daşınması üçün üç universal quru yük körpüsü, taxıl daşınması üçün yanalma körpüsü və bərə estakadası var.