Mərakeşdə Kanar adalarına gedən 50-dən çox qanunsuz miqrant saxlanılıb

187

Mərakeş Kral Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizəsi Kanar adalarına (İspaniya) gedən və göyərtəsində 5-i qadın olmaqla 52 qeyri-qanuni miqrant olan gəmini ələ keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, gəmi Mərakeşin Atlantik okeanı sahilindəki Tarfaya şəhərindən 33 km cənub-qərbdə ələ keçirilib.

Miqrantların hamısının Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrindən olduğu ortaya çıxıb. Onlara lazımi köməklik göstərildikdən sonra Tarfaya limanına aparılaraq Kral Jandarmeriyasına təhvil verilib.

Avropadan dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş uzun illərdir Afrika ölkələrindən Avropa İttifaqına keçməyə çalışan qeyri-qanuni miqrantlar üçün tranzit ölkədir. Miqrant axınının əsas istiqaməti isə İspaniyadır.