“Yaşat” idman düşərgəsinin iştirakçıları gəmi-muzeyi ziyarət ediblər

170

Üçüncü “YAŞAT” idman düşərgəsinin iştirakçıları üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə ziyarət təşkil edilib.

Cənub bölgəsində – Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya çərçivəsində uşaqlar dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.

Onlar həmçinin dünyanın ilk tanker-muzeyində oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər. 

Vətən müharibəsi şəhidlərinin övladları muzeydəki “Qarabağ Azərbaycandır!” interaktivini, eləcə də  İkinci Dünya müharibəsi illərində və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsindən bəhs edən interaktivləri böyük qürurla izləyiblər.

Həmçinin Ulu öndər Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi xidmətlər haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor iştirakçılara təqdim edilib.

Qeyd edək ki, “YAŞAT” Fondunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilən düşərgənin məqsədi region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərilməsi, asudə vaxtlarının səmərəli təşkilidir.

asco.az