Yeni gəmilər “yaşıl” metanolla işləyəcək

122

“China Merchants Jinling Shipyard Dingheng” (Yançjou) zavodu “Euronav” şirkətinin sifarişi ilə iki bitum daşıyan gəmi inşa edəcək.

“Seanews.az” xəbər verir ki, gəmilər 2026-cı ilin dördüncü rübündə hazır olacaq. Sonra nəhəng kirayəçi 10 illik taym-çarter müqaviləsi çərçivəsində gəmiləri istismar edəcək.

Bitum daşıyıcıları “yaşıl” metanolla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.

Dünya üzrə dəniz bitum daşıyıcı donanmasına bu gün 230 gəmi daxildir. Onların orta yaşı 15 ildir. İki yeni gəminin dedveyti 17 min ton olacaq ki, bu da mövcud donanmanın orta göstəricisindən (8 min ton) iki dəfə çoxdur.

Qərargahı Antverpendə yerləşən “Euronav B.V.” dünyada xam neft və neft məhsullarının daşınması və saxlanması ilə məşğul olan qabaqcıl tanker şirkətlərindən biridir. “Euronav”-ın donanması 1 ədəd “V-Plus” gəmisindən, 40 ədəd “VLCC” tankerindən (daha ikisi tikilməkdədir), 22 ədəd “Suezmax” gəmisindən (onlardan biri birgə müəssisə tərəfindən idarə olunur, iki gəmi isə taym-çarterdədir) ibarətdir. Daha beş “Suezmax” gəmisi hazırda tikilir və iki “FSO” tankeri uzunmüddətli taym-çarter müqaviləsi əsasında istismar olunur. “Euronav”-ın gəmiləri Belçika, Yunanıstan, Fransa və Marşal adalarının bayraqları altında üzürlər.