Gəminin daşıya biləcəyi yükün miqdarı necə müəyyən edilir?

270

Daşınmaya qəbul olunan yükün miqdarı gəminin yükgötürmə qabiliyyəti və yük tutumundan mümkün qədər tam istifadə nəzərə alınaraq müəyyən edilir.

Mövzunu misalla izah edirik:

Bizim 10 ton yükümüz var. 1 ton yük üçün gəminin anbarında 3 m³ yer tələb edilir. Bu zaman 10 ton üçün lazım olan ümumi yer 30 m³ olacaq.

Gəmi anbarında isə 1 ton yük üçün 5 m³ yer var. Müvafiq olaraq anbarda 10 ton yükə 50 m³ yer ayrılıb.

Deməli, anbarda nəzərdə tutulandan da artıq yer qalır. Bu o deməkdir ki, gəminin yükgötürmə qabiliyyətindən tam istifadə edilsə də, anbarın tutumu tam istifadə olunmadı.

Digər misal:

Hesab edək ki, bizim yükümüz eyni olaraq qalır. Anbarımızda isə 1 ton yükə yalnız 2 m³ yer var. Buna görə anbara 10 ton yükün hamısı deyil, yerləşə biləcək qədər yük yığılır.  Bu zaman anbarın tutumundan tam istifadə edilsə də, gəminin yükgötürmə qabiliyyətindən tam istifadə edilmir.

Ümumiyyətlə, gəminin istismarı baxımından ən əlverişli yüklənmə variantı onun həm yükgötürmə qabiliyyəti, həm də yük tutumundan tam istifadə edilməsi sayılır.

Musa Əliyev – ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı