2024-cü ilin birinci rübündə təkrar bazarda konteyner gəmilərinin satışı son iki ilin ən yüksək səviyyəsinə çatıb.
“Seanews.az”-un “Clarksons”-in hesabatına istinadən verdiyi məlumata görə, bu müddət ərzində ümumi tutumu 241 min TEU olan işlənmiş konteyner gəmiləri satılıb.
Satılan tonajın təxminən 40%-i 8 mindən 12 minə qədər tutumlu konteyner gəmiləri olub.
Uzaq Şərq və Avropadakı alıcılar çarter bazarında güclü tələbat olduğu üçün böyük tutumlu konteyner gəmiləri almağa can atırlar.
Təkrar bazardan konteyner gəmilərinin qiyməti aprel ayında möhkəmlənməyə başlayıb – 2023-cü il dekabrın ortalarından etibarən artım 15% təşkil edib.
Məsələn, 6,6 min TEU tutumu və 10 yaşı olan işlənmiş konteyner gəmisinin dəyəri bu ilin martından 8% artaraq aprel ayında 42 milyon dollar olub. Eyni tutumlu, lakin 15 yaşı olan konteyner gəmisi keçən ay 30 milyon dollara satılıb.
“MSC” təkrar bazarda gəmi almağa davam edir. “Clarksons”-a görə, bu gəmiçilik şirkəti ən fəal alıcı olub. Cari ilin ilk üç ayında “MSC” ümumi tutumu 32 min TEU olan yeddi konteyner gəmisi alıb.
Həmçinin hesabat dövründə Çin gəmiqayırma şirkəti “Yangfan Group” iki il əvvəl Almaniyanın “Vega Reederei Friedrich Dauber” şirkəti tərəfindən sifariş olunduğu iddia edilən 1,8 min TEU tutumlu iki təzə gəmini yenidən satıb. Gəmilər Çinin “Ningbo Ocean Shipping” şirkəti tərəfindən hər biri 25 milyon dollara alınıb.
“CMA CGM” 2008-ci ildə istismara veriləndən bəri icarəyə götürülmüş 9,6 min TEU-luq konteyner gəmisi “CMA CGM Ivanhoe”nu Almaniyanın “Claus-Peter Offen Reederei” şirkətindən alıb. Satış qiyməti açıqlanmayıb.
Rusiya ilə daşımalara yönəlmiş Çin operatoru “Safetrans Line” gəmiçilik şirkəti donanmasını genişləndirməyə davam edir. Şirkətin “Zhonggu Logistics”-dən aldığı 4367 TEU tutumlu “Zhong Gu Ji Lin” konteyner gəmisi 2022-ci ildə inşa edilmişdir.