Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının müvafiq sahədə qoşulduğu beynəlxalq müqavilələrin, o cümlədən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın tətbiqi istiqamətində kompleks tədbirləri davam etdirir.
Bu baxımdan, Agentlik tərəfindən cari ilin 23 avqust tarixində dənizçilərin hazırlanmasını həyata keçirən təlim-tədris mərkəzlərinə tədrisi aparılan xüsusi hazırlıq kursları və dənizçilik ixtisaslarına dair tələblərin yerinə yetirilməsinin vacibliyi ilə əlaqədar sirkulyar məktub ünvanlanıb.
Məktubda təlim-tədris mərkəzləri tərəfindən tədrisi aparılan xüsusi hazırlıq kurslarının və dənizçilik ixtisaslarının plan və proqramlarının DHDNÇ Beynəlxalq Konvensiyasının, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın, Beynəlxalq Dəniz Təşkilatının (BDT) müvafiq model kurslarının tələblərinə uyğun hazırlanması prosesinin 2025-ci ilin 01 yanvar tarixinədək icra olunması ilə bağlı məlumat verilib. Həmçinin, məktubda təlim-tədris mərkəzləri tərəfindən göstərilən peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılmasının və peşə təhsili müəssisəsinin akkreditasiyasının həyata keçirilməsi prosesinin də ən geci 2025-ci ilin 01 iyun tarixinədək kimi icra olunmasının zəruriliyi qeyd olunub.
Sirkulyar məktubda təlim-tədris mərkəzlərini dənizçilik ixtisasları üzrə bitirən müdavimlərin, xüsusi hazırlıq kurslarını bitirən dinləyicilərin şəhadətnamə və sertifikat (diplom) almaq üçün Agentlik tərəfindən imtahanlara buraxılış qaydası aşağıdakı kimi göstərilib. Belə ki,
– 1 yanvar 2025-ci il tarixinədək təlim-tədris mərkəzlərində xüsusi hazırlıq kurslarını bitirən müdavimlər və dinləyicilər şəhadətnamə və sertifikat (diplom) almaq üçün Agentlik tərəfindən imtahanlara buraxılacaqlar;
– 1 yanvar 2025-ci il tarixindən etibarən dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzləri tədrislərini müvafiq model kurslarının tələblərinə uyğun təşkil etmədikdə onların bu tarixdən sonrakı müdavimləri və dinləyiciləri şəhadətnamə və sertifikat (diplom) almaq üçün Agentlik tərəfindən imtahanlara buraxılmayacaqlar;
– 1 iyun 2025-ci il tarixinədək dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzləri tədrislərini müvafiq model kurslarının tələblərinə uyğun təşkil etdikdə onların bu tarixdən sonrakı müdavimləri və dinləyiciləri şəhadətnamə və sertifikat (diplom) almaq üçün Agentlik tərəfindən imtahanlara buraxılacaqlar;
– 1 iyun 2025-ci il tarixindən etibarən ixtisasartırma xüsusi hazırlıq kursunu və sıravi hazırlıq kursları üzrə dənizçilik ixtisaslarını tədris edən, lakin peşə təhsili fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziyanı almayan və peşə təhsili müəssisəsi olaraq akkreditasiyadan keçməyən təlim-tədris mərkəzlərinin tədrisləri BDT-nin müvafiq model kurslarının tələblərinə uyğun olduqda belə, onların bu tarixdən sonrakı müdavimləri şəhadətnamə və sertifikat (diplom) almaq üçün Agentlik tərəfindən imtahanlara buraxılmayacaqlar.
Qeyd edək ki, dənizçilərin hazırlanması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi zamanı təlim-tədris mərkəzləri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi, o cümlədən təhsilin keyfiyyətinin və təhsilalanların peşəkarlıq səviyyəsinin artırılması Dövlət Dəniz və Liman Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
ddla.gov.az