“Kazmor Transflot”: Azərbaycan tranzit marşrutunun mühüm oyunçusudur

60

Azərbaycan tranzit marşrutunun mühüm oyunçusudur.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın milli gəmiçilik şirkəti – “Kazmor Transflot”un baş mütəxəssisi Beksultan Axbeloğlu bildirib.

“Azərbaycansız tranzit xəttinin mövcudluğu qeyri-mümkün olardı. Biz sıx əməkdaşlıq edirik. Bilirik ki, Azərbaycan infrastrukturun modernləşdirilməsi, konteynerlərin marşrut boyunca keçidinin yaxşılaşdırılması, liman infrastrukturunun gücləndirilməsi, yeni kranların və dəmir yolu xətlərinin tikintisi, eləcə də yük dövriyyəsinin artırılması üçün böyük səylər və vəsaitlər sərf edir”, – deyə o qeyd edib.

Baş mütəxəssisin sözlərinə görə, Qazaxıstan, Gürcüstan və Türkiyədən tranzit xətti İpək Yolunun əsas marşrutuna çevrilmək şansına malikdir.

“Azərbaycan tarixi və coğrafi baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir, buradan həmişə dünya üzrə bütün yüklər keçib. Biz birgə səylərimizlə bu marşrutdan maksimum fayda görəcəyimizə, yüklərin fasiləsiz şəkildə Çindən Avropaya və geri daşınacağına inanırıq. Biz çətin anlarda, yəni çoxlu konteynerin gəldiyi dövrlərdə yaranan sıxlıqlarla bağlı narahatlığımızı bildirmişik. Bu, həm Aktau, həm də Ələt limanında baş verir. Buna görə də, Azərbaycanın bu dəhlizdə alternativ yolları mövcuddur. Yəni Çindən gələn konteynerləri həm Qazaxıstandan, həm Özbəkistandan, həm də Türkmənistandan göndərmək mümkündür. Hər halda, konteynerlər mütləq Bakı limanına çatacaq, oradan isə dəmir yolu ilə Gürcüstana və oradan da yük alıcılarına yola salınacaq”, – deyə B.Axbeloğlu əlavə edib.