“SFA Federasiya Kuboku 2024” yarışları uğurla başladı

9

“SFA Federasiya Kuboku 2024” yarışları uğurla başladı

19-21 sentyabr 2024-cü il tarixlərində “Ramada by Wyndham Baku” otelinin sahilində yerləşən Azərbaycan Yelkən Federasiyasının (SFA) yelkən mərkəzində “SFA Federasiya Kuboku 2024” yarışları keçirilməkdədir. Bu nüfuzlu turnirdə Optimist və ILCA 4 sinifləri üzrə ümumilikdə 26 idmançı – 19 “Optimist” və 7 “ILCA 4” iştirak edir.

Yarışların ilk günü maraqlı və gərgin mübarizələrlə yadda qalıb. Optimist sinfi üzrə ümumi yarışlarda birinci yeri Furkan Mustafayev qazanıb. Optimist Qızlar və Optimist Junior sinifləri üzrə isə Yağmur Həsənli birinci yeri tutub. ILCA 4 sinifi üzrə isə Fidan Ağazadə birinci yeri qazanıb. Gənc idmançılar öz qabiliyyətlərini nümayiş etdirərək böyük uğurlara imza atıblar.

Yarışların hakimləri Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında fəaliyyət göstərib. ILCA 4 sinfi üzrə idmançı və hakim namizədi Ayla Babayeva da yarışlara hakimlik edib. Bu, Ayla Babayevanın rəsmi hakim statusunu qazanmaq üçün mühüm addım olub və uğurlu çıxış etməsi onun bu statusu qazanmasına imkan yaradacaq.

“SFA Federasiya Kuboku” artıq yeddinci ildir ki, ənənəvi olaraq keçirilir və ölkəmizin idman həyatında mühüm yer tutur. Bu ilki yarışlarda Gürcüstan və Malta ölkələrinin idmançıları da iştirak edir. Bu yarışlar həm yelkən idmanı həvəskarları, həm də peşəkar idmançılar üçün xüsusi əhəmiyyət kəsb edir. Üç gün davam edəcək turnirin qalibləri böyük həyəcanla gözlənilir.

Yarışın ikinci və üçüncü günlərində də maraqlı hadisələr baş verəcəyi gözlənilir. Bütün iştirakçılara uğurlar arzulayırıq!

sailing.az