Xidmət rəsmisi: Son dövrlər Xəzərdəki səviyyə tərəddüdlərinin regional səviyyədə həlli önəmlidir

52

Son dövrlər dənizdə müşahidə olunan səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır və bu məsələnin beynəlxalq və regional səviyyədə həlli önəmlidir.

“Report” xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova “Xəzəri qoruyaq” şüarı ilə keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunmuş ekoloji aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.

Xidmət rəsmisi xatırladıb ki, BMT-nin qəbul etdiyi qərara əsasən 1978-ci ildən Beynəlxalq Dəniz Günü qeyd olunur:

“Günün əhəmiyyəti ondan ibarətdir ki, Xəzər dənizinin ekoloji məsələləri, tərəddüdləri ilə bağlı məsələnin həllini ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırılsın. Xəzər dənizi regionda yaşayan xalqlar üçün hər zaman önəmli olub. Eləcə də onun təbii sərvətləri dünyanın maraq dairəsindədir. Dəniz üzərində 1837-ci ildən davamlı müşahidələr aparılır. Bu məlumatlar Ümumdünya Metrologiya Xidməti tərəfindən yaradılmış Koordinasiya Komitəsində müzakirə olunur və məlumatlar araşdırılır. Son dövrlər dənizdə müşahidə olunan səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır. Bu məsələnin beynəlxalq və regional səviyyədə həlli önəmlidir”.