Aktau və Kurık limanları 2024-cü ilin yanvar-avqust aylarında 4,5 milyon ton yük aşırıb

29

2024-cü ilin yanvar-avqust aylarında Qazaxıstanın Kurık dəniz limanı 1,5 milyon ton yük aşırıb (ilin sonuna qədər limanın yük dövriyyəsi 2,2 milyon tona çata bilər); Aktau limanı isə bu ilin səkkiz ayı ərzində İran, Türkmənistan, Azərbaycan və Rusiya istiqamətləri də daxil olmaqla 3 milyon ton yük işləyib.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan Dəmir Yollarının “Telegram” kanalında məlumat verilib.

İndi nəqliyyat-logistika potensialının inkişaf etdirilməsi və Xəzər hövzəsinin limanları arasında yükdaşımaların artırılması məqsədilə Kurık limanının rəhbərliyi müəssisənin biznes strategiyasına yenidən baxır və terminal qurğularının imkanlarının artırılması üzərində işləyir. Bundan əlavə, limanda gücü ildə 1 milyon tona qədər olan yeni taxıl anbarı terminalı tikilir.

“Qazaxıstanın dəniz infrastrukturunun inkişafına kompleks yanaşma lazımdır. Müasir konsepsiya onu göstərir ki, Kurık limanı “Land port Quryq” kimi inkişaf edə bilər, biz operator olacağıq və bütün şəxsi terminallar yük bazasını təmin edər. Limanımızın qonşuluğunda yerləşən terminallarla tədbirlər həyata keçirilib və müqavilələr bağlanıb”, – deyə “Kurık Limanı” MMC-nin marketinq sektorunun müdiri Aytkali Nurmaqambetov bildirib.

Limanda qazma işləri də aparılır. Bundan əlavə, investisiya dəyəri 50 milyard avro olan yaşıl hidrogen istehsalı layihəsinin reallaşdırılması planlaşdırılır.

Aktau dəniz ticarət limanında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz”) inkişafı çərçivəsində bir sıra investisiya layihələri: konteyner qovşağının tikintisi, yanalma körpülərinin yenidən qurulması, yeni avadanlıqların quraşdırılması və s. həyata keçirilir.  Bu layihələr 2024-2028-ci illərdə Qazaxıstanın dəniz infrastrukturunun inkişafı üzrə kompleks plana daxildir.