Dövlət qurumlarının əməkdaşları arasında keçirilən avarçəkmə yarışında ASCO təmsilçiləri uğurlu nəticə göstəriblər

34

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

Bulvar ərazisində, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında keçirilən yarışda ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun əməkdaşları da təmsil olunub.

İştirakçılar kayak növündə mübarizə aparıblar. Kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar. 

Yarışın nəticələrinə əsasən, ASCO-nun təmsilçisi Janna Məmmədova qadınların yarışında 3-cü yeri tutub.

Qarışıq cütlüklərin yarışında isə Janna Məmmədova həmkarı Mixail Protasovla birlikdə çiyin-çiyinə mübarizə aparıblar. Nəticədə onlar 1-ci yerdə qərarlaşmağı bacarıblar.

Qaliblər diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.

Qeyd edək ki, yarışda ASCO ilə yanaşı, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, SOCAR və “Azərişıq” ASC-nin əməkdaşları da iştirak ediblər.