Kurık limanında taxıl terminalı bu il istifadəyə veriləcək

61

Qazaxıstanın Kurık dəniz limanında bu il dərinləşdirmə işlərinin başa çatdırılması və taxıl terminalının işə salınması planlaşdırılır. Hazırda limanda logistika klasterinin yaradılması və bərə donanmasının yenilənməsi istiqamətində işlər aparılır.

Bu barədə “Seanews.az” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Kurık dəniz limanının inkişafı ilə tanış olanda bildirilib ki, hazırda Kurık limanı terminallarının imkanlarının artırılması üzərində iş gedir. Bundan əlavə, yükdaşıma çeşidinin şaxələndirilməsi üçün limanda gücü ildə 1 milyon tona qədər olan yeni taxıl anbarı terminalı tikilir.

İlin əvvəlindən Kurık limanında yükdaşımaların həcmi 1,5 milyon tonu ötüb və ilin sonunadək isə həcm 2,2 milyon tona çatdırılacaq. Ümumilikdə, layihə gücü ildə 6 milyon ton yük təşkil edir. Kurık dəniz limanı avtomobil və dəmir yolu bərələrini qəbul etmək qabiliyyətinə malikdir.