Vyana Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar nəticəsində okeanların dərinliklərində düşündüyümüzdən daha mürəkkəb hidrotermal ekosistemin mövcud olduğu məlum olub.
“Seanews.az” bu barədə “Azərbaycan” qəzetinə istinadən xəbər verir.
Dəniz bioloqu Monika Brayt bildirib ki, bu dərinliklərdə dəhlizlərin olduğu daha öncədən bilinmirdi. Bu boşluqlar əvvəllər geoloqlar tərəfindən təsvir edilsə də, orada heyvanların olduğu məlum deyildi. Ta ki, səthdə boru qurdlarının sürfələrini axtararkən qaya nümunələri toplanıb bu boşluqlar kəşf edilənənə qədər.
Şərqi Sakit okean silsiləsi adlanan struktur dəniz səthindən 2515 metr dərinlikdə yerləşir. Bu bölgənin həyat üçün uyğun olmadığı və araşdırma aparmaq üçün də çətin bir yer olduğu bildirilir. “Falkor” adlı gəmi ilə aparılan araşdırmalarda uzaqdan idarə olunan cihazlar vasitəsilə bu strukturdakı canlılar aşkar edilib. M.Brayt böyük boru qurdlarının tapılmasının, sürfələrin dəniz dibinin altından yuxarıya doğru bacaları koloniyalaşdıra biləcəyi fərziyyəsini təsdiqlədiyini söyləyib. Bəzi uyğun növlər, mühit uyğun olarsa, alt səthdə məskən sala bilirlər. Dəhlizlərin nə qədər geniş əraziyə yayıldığı isə hələlik məlum deyil.