Aral – planetin ən müəmmalı su hövzəsi

5

Bəli, artıq tamamilə qurumaqda olan bu müəmmalı göl – dənizin yerini görmək adamın ürəyini ağrıdır. Vaxt var idi bir gəmi saya oturanda aləm bir-birinə qarışırdı. İndi Aralın yerində onlarca gəmi nəinki saya oturub, hətta çürüyüb getməkdədir. Üstəlik, alimlər bu xəritədən silinməkdə olan dənizin dibində çoxsaylı anlaşılmazlıqla rastlaşdıqlarını söyləyirlər.

Təxminən, 50-60 il əvvələdək birmənalı şəkildə dəniz kimi qəbul edilən bu Mərkəzi Asiya gölü ötən əsrin 60-cı illərindən etibarən nəzərəçarpacaq sürətlə qurumağa başlamışdı. Bəzi mülahizələrə görə, həmin dayazlaşma və qurumanın əsas səbəbi sovet hökumətinin bu gölü su ilə təmin edən Amu-Dərya və Sır-Dərya çaylarından həddən artıq su götürməsi idi. 1989-cu ildə gölün suyu o qədər azaldı ki, Aral iki hissəyə bölünmüş kimi göründü.

Rusiyalı mütəxəssislər yazırlar ki, gölün suyu geri çəkildikcə müəmma müəmma dalınca ortaya çıxdı. Belə ki, aerofoto çəkilişləri zamanı məlum oldu ki, gölün dibində çoxsaylı uzun və dərin yarğanlar var. Həmin yarğanların biri hansısa möcüzəli fiquru xatırladır, digərləri isə daha mücərrəd görünüşə malikdir. Yarğanların bəziləri 150-200 metr, bəziləri 6-7 kilometr, hər birinin eni isə iki metrdən yüz metrədəkdir. Alimlərin fikrincə, həmin yarğanlar bir neçə əsr əvvəl formalaşmışdır. Təəssüf ki, bu yaranışların səbəbini izah edə bilən yoxdur. Ancaq bəzi diletantlar Aralın dibındə aşkar edilmiş yarğanları hansısa heroqlifə bənzədirlər.

Aralın tarixinə gəlincə isə, alimlər yazırlar ki, bu gölü sirli adlandıranlar tamamilə haqlıdırlar. Belə ki, bu göl – dəniz XV – XVI əsrlərdə “ortaya çıxmışdır”. XVII əsrdə rus tədqiqatçıları bu əraziləri öyrənmiş və Aralı “Göy dəniz” adıyla “Böyük çertyoj xəritəsi”nə salmışlar. Beş-altı əsr əvvəl bu gölün ərazisi çox kiçik idi və sahillərində insanlar yaşayırdı. XX əsrdə – suyun geri çəkilməsi nəticəsində isə gölün dibindən Qızıl Orda dövrünə aid olan Aral-Asar şəhərciyinin qalıqları tapılmışdır. Həmin qalıqlara yollar, tikintilər, dəmir və bürüncdən hazırlanmış müxtəlif əşyalar, sikkələr, çoxsaylı keramika nümunələri daxildir.

Bundan başqa, arxeoloqlar Aralın dibindən XI – XIV əsrlərə aid olan Kerderi movzeleyinin qalıqlarını da tapmışlar. Güman edilir ki, həmin ərazidə yaşayan oğuz və qıpçaqlar gölün ərazisi böyüdükcə oradan köçmək istəməmişlər. Həm də gölün tədricən deyil, müəyyən sürətlə böyüdüyü ehtimal edilir.

Məqalə müəllifinin fikrincə, təbiət insanlarla qorxunc zarafat etmiş və hansısa təbii fəlakət nəticəsində adıçəkilən şəhərcik suyun dibində qalmışdır. Bunu Aralın dibindən tapılan insan və heyvan skeletlərinin heç bir müdaxiləyə məruz qalmaması da sübut edir. Sanki təbii fəlakət onları qəflətən haqlamışdır.

Bundan başqa, alimlər deyirlər ki, Aral mövcud olduğu dövrdə hansısa sikli təkrar edirmiş kimi dəfələrlə qurumuş və yenidən su ilə dolmuşdur. Ona görə də bu göl – dənizin nə zamansa yenə də öz əvvəlki görkəmini alması tamamilə gözləniləndir.

M.İTTİFAQ

Xalq qəzeti