LNG tankeri sərt yelkən sistemi ilə təchiz ediləcək

63

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) xətti gəmiçilik şirkəti və Amerikanın “Chevron Shipping Company” (“Chevron”, “Chevron U.S.A.”-nın törəməsi) şirkəti tikilməkdə olan mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin ekoloji cəhətdən təmiz köməkçi hərəkət sistemi – iki sərt yelkənlə təchiz edilməsinə dair saziş imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Yaponiya şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Wind Challenger” sistemini “MOL” və “Oshima Shipbuilding” şirkətləri birgə hazırlayıb.

Sərt yelkən sistemi ilə təchiz edilmiş ilk qaz daşıyıcı gəminin konsepsiyası 2024-cü il avqustun əvvəlində “ClassNK” cəmiyyəti tərəfindən bəyənilib.

Bundan əvvəl, əsasən kömür və filiz daşıyan balkerlər belə köməkçi külək sistemləri ilə təchiz edilmişdi.

174 min kubmetr tutumlu LNG tankeri Cənubi Koreyanın Geoje adasındakı “Hanwha Ocean” gəmiqayırma zavodunda tikilir.

Gəminin istismara verilməsi 2026-cı ilə planlaşdırılır. Hazır olduqdan sonra  “MOL Encean” (“MOL”-un törəmə şirkəti) onu uzunmüddətli çarter müqaviləsi əsasında “Chevron Asia Pacific Shipping” şirkətinə verəcək.