“Maersk”: “Qırmızı dənizdə gəmiçiliklə bağlı risklər gələn il də davam edəcək”

41

Danimarka nəqliyyat və logistika qrupu “A.P. Moller-Maersk” (“Maersk”) ticarət gəmilərinə hücumların davam etmə riski səbəbindən gələn il öz gəmilərinin Süveyş kanalı ilə hərəkətini bərpa etməyi planlaşdırmır. Bununla yanaşı, şirkət qlobal bazarda konteyner daşımalarına yüksək tələbatın yaxın aylarda da davam edəcəyini düşünür.

Bu barədə “Seanews.az” “Reuters”-ə istinadən xəbər verir.

“Maersk” şirkətinin baş direktoru Vincent Klerk jurnalistlərə verdiyi müsahibədə deyib ki, Qırmızı dənizdə gəmilərə edilən hücumlar Şərq və Qərb arasında ticarət üçün çox vacib olan gəmiçilik marşrutunu pozdu və alternativ, daha uzun marşrutdan istifadə yükdaşıma tariflərinin artmasına, Asiya bazarlarında və Avropa limanlarında tıxac və uzunmüddətli dayanmalara səbəb oldu.

“Hələlik gərginliyin azaldığını görmürük və Qırmızı dənizə giriş gəmilərimiz və personalımız üçün təhlükəlidir… Bu vəziyyətin 2025-ci ilə qədər davam edəcəyini düşünürük,” – deyib Vincent Klerk.

Şirkət üçüncü rübdə xüsusilə Çin və Cənub-Şərqi Asiyadan ixrac yükləri ilə bağlı konteyner daşımalarına güclü tələbat olduğunu söyləyib. Bununla belə, yaxın aylarda Avropa və ya Şimali Amerikadan yük axınlarında azalma əlaməti yoxdur.