Cənubi Koreya tərsanələri Tayvan gəmiçilik xətti üçün metanolla işləyən səkkiz konteyner gəmisi inşa edəcək

55

Xətti konteyner daşıyıcısı “Wan Hai Lines” (Tayvan, Çin) metanolla işləyə bilən səkkiz iki yanacaqlı konteyner gəmisinin tikintisini sifariş verib. Ümumilikdə 1,6 milyard dollar dəyərində sifarişlər Cənubi Koreyanın gəmiqayırma şirkətləri “Hyundai Samho Heavy Industries” və “Samsung Heavy Industries” arasında bölünüb.

“Seanews.az” xəbər verir ki, 16 min TEU tutumlu gəmilər 2027 və 2028-ci illərdə təhvil veriləcək.

Analitiklərin fikrincə, gəmiçilik şirkəti öz donanmasını böyütmək niyyətindədir, çünki o, trans-Sakit okean şəbəkəsində yeni daşıyıcı alyanslardan birinə qoşulmalıdır. “Wan Hai”-nin “Hapag-Lloyd” və “ONE” ilə gəmilərin birgə istifadəsi haqqında müqavilələnin müddəti 2025-ci ildə başa çatır.

Əvvəlcə Tayvan şirkəti Asiyadaxili daşımalarda ixtisaslaşmışdı, lakin pandemiya zamanı o, uzun məsafəli dəniz daşımaları ilə məşğul olmağa başladı.

Dünyanın 10 ən böyük xətti operatoru siyahısına daxil olmağa çalışan şirkətin donanması hazırda ümumi tutumu 530 min TEU olan 123 gəmidən ibarətdir. Sifariş portfelinə daha 30 yeni gəmi (308,3 min TEU) daxildir ki, bu da ona  ümumi tutum baxımından “Yang Ming” və “ZIM”-i ötməyə imkan verəcək. Mövqeyini qorumaq üçün “Yang Ming” 24 min TEU tutumlu bir neçə iri konteyner gəmisi sifariş etməyə hazırlaşır.

Konteyner daşıyıcıları arasında bazar payı uğrunda mübarizə getdikcə güclənir. Çin mediası “COSCO”-nun “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavoduna hər birinin tutumu 13,6 min TEU olan altı gəmi sifariş etdiyini bildirib. 900 milyon dollara başa gələcək bu gəmilər 2027-ci ildə təhvil veriləcək. Oktyabrın 18-də “Canadian Seaspan” oxşar gəmilər sifariş edib və istismara hazır olanda “COSCO”-nun törəmə şirkəti olan “OOCL”-ə taym-çarterə veriləcək. Beləliklə, sifariş portfeli 58 gəmi (918,9 min TEU) artan “COSCO”-nun əməliyyat donanmasının tutumu hazırda 3,29 milyon TEU təşkil edir.