Olya – Türkmənbaşı bərə xətti açılacaq

63

Həştərxan vilayətinin hakimiyyət orqanları Olya və Türkmənbaşı limanları arasında Xəzər dənizində planlaşdırılan müntəzəm gəmiçilik xətti üçün marşrut operatorunun müəyyənləşdirilməsi üzərində işləyir.

“Seanews.az” bu barədə Həştərxan vilayətinin Sənaye, Ticarət və Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, eyni zamanda, regionun iri gəmiçilik şirkətləri bu sahədə işləmək üçün gəmilər təqdim etməyə hazırdırlar.

“Həştərxan vilayətinin gəmiçilik şirkətləri ilə əldə etdiyi razılaşmalar çərçivəsində Xəzər dənizində gəmiçilik xəttinin açılması məsələsi işlənib hazırlanıb, regionda fəaliyyət göstərən iri gəmiçilik şirkətləri gəmilərin xətdə işləməsinə hazır olduqlarını təsdiqləyiblər. Hazırda marşrutun operatorunun müəyyən edilməsi məsələsi üzərində iş aparılır”, – deyə nazirlikdən bildirilib.

Xəttin açılma vaxtı barədə heç nə deyilməyib. Regional nazirliyin nümayəndələrinin fikrincə, gəmi xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca əlavə yük daşımalarının formalaşmasına töhfə verəcək və gələcəkdə Türkmənistanın logistika mərkəzinin səmərəli fəaliyyətini təmin edəcək. Həştərxan vilayətində “Lotus” xüsusi iqtisadi zonasının yaradılması da planlaşdırılır.

“Biz danışıqları davam etdirəcəyik və əminik ki, Türkmənistan tərəfi yaxın gələcəkdə layihənin həyata keçirilməsinə başlayacaq”, – deyə nazirliyin rəsmisi əlavə edib.